Novruz Bayramı ərəfəsində Port Baku Ticarət Mərkəzində Qarabağ regionuna aid olan qədim qadın milli geyimlərinin imitasiyalarının nümayişi həyata keçirilir. Əsasən Şuşa şəhərinə məxsus geyimlərdə Qarabağ xalçalarının, ipəyinin, qədim İpək Yolu dövründən günümüzə qədər elementləri ilə gəlib çıxmış zərif parçaların vəhdətini ləbbadə, araxçın, kürk, arxalıq, don kimi milli geyim elementlərində görmək mümkündür. Sərgidə nümayiş edilən geyimlər Bakı Milli Geyim Evi tərəfindən Şuşada keçirilən Xarıbülbül Festivalı zəminində tikilmiş və müxtəlif tamaşalar və musiqili çıxışlar zamanı istifadə edilmişdir. Sərgi 29 Mart tarixinədək Port Baku Ticarət mərkəzinin birinci mərtəbəsində davam edəcəkdir. Sərgi ekspozisiyaları ilə tanışlıq Port Baku Ticarət Mərkəzinin ziyarətçiləri üçün tamamilə ödənişsizdir.